AZ EN

Orta təhsil

Ümumi orta təhsilin V, VI, VII siniflərində şagirdlər öz bacarıq və qabiliyyətlərinə görə qruplaşdırılır, tədrisdə şagirdlərə differensial yanaşma tətbiq edilir (Tədris planı).
Müəllimlər hər bir şagirdin zəif və güclü cəhətlərini, dərketmə qabiliyyətini və digər xüsusiyyətlərini nəzərə alaraq işləyirlər, akademik çətinlikləri olan şagirdlər üçün müntəzəm olaraq əlavə məşğələlər təşkil edirlər.
Şagirdlərin həyat əhəmiyyətli bacarıqlara (yaradıcılıq, tənqidi düşünmə, araşdırma, mühakimə etmə, ümumiləşdirmə, risk etmə) yiyələnməsi üçün onların layihə işlərinə cəlb edilməsi akademik tələbatdır. Şagirdlər ildə 2 tədqiqat xarakterli layihə işləməlidirlər. Məktəb müsabiqəsinə təqdim edilən layihələr nümayiş etdirilir və dinlənilir. Qaliblər mükafatlandırılır.
Bunula yanaşı, şagirdlərin bilik yarışlarına, olimpiadalara, layihələrə, bilik şənliklərinə cəlb edilməsi geniş tətbiq edilir. İstedadlı şagirdlərin üzə çıxarılması və onların inkişafı istiqamətində tədbirlər planı həyata keçirilir.

Tədrisin hər pilləsində tədris prosesini düzgün və səmərəli qurmaq üçün şagirdlərin bilik və bacarıqları, maraq dairəsi və istəyi nəzərə alınır.
Bu məqsədlə VIII, IX, X, XI siniflərdə dərs məşğələləri təmayül fənləri üzrə tərtib edilmiş Tədris planı əsasında təşkil edilir. Bu yanaşma şagirdlərə peşə seçimində vacib olan fənlərin daha dərindən öyrənilməsi üçün əlverişli imkanlar yaradır. Bununla yanaşı, şagirdlər akademik önəm verilən qeyri təmayül fənlərinin də həyat üçün vacibliyini dərk edərək, onların tədrisinə ciddi yanaşırlar.