AZ EN

Şuşanın 270 illiyinə həsr edilmiş “Əfsanədən Zəfərə” adlı praktik konfrans

25 Oct 2022 | Sumgayit

23.05.21 tarixi Sumqayıt Dünya məktəbində böyük coşqu və həyəcanla keçdi. “Dünya”mızın xatirələr kitabının ən parlaq səhifələrindən birinə çevrilən təqvimin bu günü hər kəsdə xoş ovqat, sonsuz fərəh və sevinc hissləri doğurdu.

- Xarıbülbül – Zəfər gülü

Bu gün hər kəs Əfsanədən Zəfərə dedi… Bizi şanlı qələbəyə aparan əfsanə. Xarıbülbül əfsanəsi… O əfsanə ki, xar olmuş, qəmli bülbül döyüşdə yaralanmış bir əsgərin son ümidinə çevrildi. O gül ki, şəhidin sevgilisinə, övladına, anasına təqdim edə bilmədiyi müjdə gülü oldu. O zəfər ki, heç bir qələm sahibinin cümləyə sığdıra bilməyəcəyi, heç bir fırça ustasının təsvir edə bilməyəcəyi qələbə kimi əbədiləşdi! Tarixin bütün dövrlərində dillərə dastan olacaq bir qələbə – Qarabağ Zəfəri!

Baharın yurdumuza gəlişindən bir neçə gün sonra başı qarlı, uca dağlar libasını dəyişərək yaşıl örpəyə bürünür. Bu zaman zümrüd meşələrdə, çöllərdə zərif bir çiçək nazlı-nazlı baş qaldırır. Onun adı xarıbülbül, təbiətin möcüzəsi, sevgi qönçəsi. Nənə-babalarımızdan eşitdiyimiz əsatirlər, əfsanələr bu gülün hekayəsini çox, çox uzaqlara aparır. İllərlə Vətən sevgisinə möhtac qalan, Vətən həsrəti ilə alışıb yanan, bir gün Vətənin azad torpağında əsirlikdən azad olacağı günləri sədaqətlə gözləyən, sinəsi bağrıqan xarıbülbül nisgil, həsrət rəmzi idi. Lakin xarıbülbül əfsanəsinə şir ürəkli igid Azərbaycan əsgəri öz qəhrəmanlığı ilə yenidən can verdi, yaşatdı, reallıq olduğunu təsdiqlədi. Bizim xarıbülbülümüz şəhidlərin qanı ilə boy ataraq əzəməti, məğrurluğu, haqsızlığa qarşı əyilməz duruşu ilə əfsanədən qələbə simvoluna çevrilə bildi.

Bəli, Vətən müharibəsində əldə etdiyimiz böyük zəfərlə Şuşada xarıbülbül əsarətdən, torpaqlarımız işğaldan qurtuldu. Xarıbülbüllə Azərbaycan xalqı Qarabağına qovuşdu.

Biz də “Əfsanədən Zəfərə” adlı praktik konfransımızla “Qələbən mübarək olsun, Vətən! Qələbən mübarək, zəfər gülü!” deməkdən qürur hissi duyduq.

  • Konfransın rəsmi və bədii hissəsi

Konfransa dəvətlilər arasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Xəzər Universitetinin rəhbərliyi, əməkdaşları və “Dünya” təhsil kompleksinin əməkdaşları, Sumqayıt şəhər və Abşeron rayon təhsil ictimaiyyətinin nümayəndələri, valideynlər də var idi. Tədbir Dövlət Himnimizin ifası ilə başlamış, daha sonra vətənimiz Azərbaycanın müstəqilliyi, suverenliyi, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş bütün vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Konfransı giriş sözü ilə açan Xəzər Universiteti və Dünya Məktəbinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı tədbir iştirakçılarını salamlamış, qədim tarixə və yüksək bəşəri dəyərlərə malik Azərbaycan xalqı üçün müstəsna əhəmiyyət kəsb edən Zəfər bayramı münasibətilə qonaqları təbrik etmişdir. Tədbir çərçivəsində klassik və xalq musiqi nümunələri dinlənilmiş, şagirdlərimizin ifasında rəqs kompozisiyalarının və idman növlərinin nümayişi olmuşdur.

  • Şagirdlərimizin təəssüratları

“Mən konfrasda Qarabağ xanı Pənahəli xanın nəvəsi, İbrahimxəlil xanın qızı, incə qəlbli şairə Ağabəyim ağanın obrazını canlandırmışdır. Bu mənim üçün şox həyəcanlı, həm də qürurverici bir məsuliyyət idi. Təbiətə aşiq Ağabəyim güldən-çiçəkdən yazar, Vətənə şeirlər, bayatılar, mədhiyyələr həsr edərdi. Ən çox sevdiyi gül isə Şuşada bitən xarı bülbül adlı gözəllər gözəli, dillər əzbəri bir gül idi. Lakin tarixin oyunu elə gətirdi ki, Ağabəyim ağa ömrünü xarıbülbülün həsrəti, nisgili ilə başa vurmalı oldu. İllər sonra biz də xarıbülbül hicranı ilə yaşadıq, amma nə xoş ki, bu hicran vüsala döndü. Biz Qarbağımıza, Şuşamıza, Xarıbülbülümüzə qovuşduq”.

Nərmin İzzətli - 8R sinif şagirdi

«Наш день открытых дверей был ярким и невероятно познавательным днем которому мы долго готовились. Я и мой класс несколько дней готовили наш макет о школе Дюнья в Шуше. Также там была выставка картин на которой была моя картина девушки держащую гвоздику со стихотворением Хуршидбану Натаван. Тот день был лучм за всь учебный год и я так и жду чего-нибудь подобного».

Hər dərs müəllimin pedaqoji əsəridir. Əsər isə yaradıcılıq töhfəsidir.

Konfransın bədii hissəsindən sonra qonaqlar müəllimlərimizin yaradıcılıq məhsulu olan açıq dərslərin təqdimatına dəvət olundular. Ana dili, riyaziyyat, kimya, biologiya, fizika və s. fənlər üzrə təşkil olunmuş açıq dərsləri cəmləşdirən bir amal olub – Vətən sevgisi, Şuşa həsrəti, xarıbülbül vüsalı. Milli qürurumuzun, mənliyimizin, mədəniyyətimizin beşiyi Qarabağın tarixi və coğrafiyası, flora və faunası, adət-ənənələri, şifahi xalq yaradıcılığı, tanınmış şəxsiyyətləri keçirilən dərslərin əsas leytmotivi idi. Həmçinin, tədris prosesində öyrətmə və öyrənmə mühitinin produktiv təşkili yollarının nümayiş etdirilməsi, təhsil sferasında yüksək nailiyyətlər qazanmış müəllimlərin təcrübəsini digər həmkarları ilə bölüşməsi, şagirdlərin tədqiqatçılıq bacarığının inkişafı kimi aktual məsələlər də qarşıya qoyulan məqsədlərdən idi. Dərslər iki akademik saat ərzində dinlənildikdən sonra məktəb rəhbərliyinin və dərsdə iştirak edən pedaqoji heyətin, təhsil işçilərinin, həmçinin qonaqların iştirakı ilə dəyirmi masa ətrafında müzakirə və fikir mübadiləsi aparıldı. Diskussiya prosesində dərs dinləmədə iştirak edən dinləyicilər layihə ilə bağlı fikirlərini bildirmiş, dərslərin keyfiyyətinin yüksək səviyyədə olduğunu vurğulamış, müəllim və şagirdlərə gələcək fəaliyyətlərində uğurlar arzulamışlar.

Tövsiyələr