AZ EN

Sumqayıt Dünya məktəbində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Şahmat Seansı"

12 May 2023 | Sumgayit

Şahmat taxtasında bütün dənizlərdən daha çox macəra var. Bu gün Xəzər Universiteti Sumqayıt Dünya məktəbi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə şahmat seansı keçirməklə bu macəraları izləmək üçün qapılarını qonaqların üzünə açdı.

Xəzər Universiteti və Dünya məktəbi rəhbərliyi, Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəsmiləri, beynəlxalq qrossmeysterlər, idman ustaları, media və ictimaiyyət nümayəndələri, müəllimlər, valideynlər və şagirdlərin iştirakı ilə baş tutan tədbirin keçirilməsində məqsəd yarıməsr öncə şahmatın möhkəm təməlini qoymuş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək və bu zəka idman növünün zərif ənənəsini şərəflə davam etdirməkdir.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra tədbiri açıq elan edən Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı qonaqları salamlamış, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin hər zaman gənclərə diqqət və qayğı göstərdiyini, təhsilin və idmanın inkişafı ilə bağlı məqsədyönlü tədbirlər planı apardığını qeyd etmişdir. Ulu Öndər Azərbaycanın genetik koduna yaxşı bələd olduğundan, əmin idi ki nəticələr özünü tez bir zamanda göstərəcək Bu səbəbdən şahmatın inkişaf strategiyası ölkəmizdə həyata keçirilən uğurlu idman siyasətinin tərkibində özünəməxsus yer tutan prioritet məsələlərdən biri olmuşdur.

Açılış mərasimində çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri Fərman Kazımov, Müşfiq Məmmədli, beynəlxalq qrossmeysterlər Azer Mirzoev, Zeynəb Məmmədyarova, Milli Paralimpiya Komitəsinin vitse-prezidenti, cüdoçu İlham Zəkiyev Ulu Öndərin titanik fəaliyyətindən söz açmışlar. Çıxışlarda həmçinin qeyd olunmuşdur ki, Heydər Əliyevin mirası - azad, çiçəklənən Azərbaycan dünyada layiq olduğu zirvəyə məhz Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, sayəsində yüksələ bilmişdir və məhz onun sayəsində şahmat ənənəsi pöhrələnmiş, dünya idmanına nəhəng şahmatçılarla bəhrəsini vermişdir. Bu gün də bu ənənə Dünya məktəbində layiqincə davam etdirilir. Qonaqlar Dünya məktəbinin təşəbbüsünü və məramını alqışlamış, seansın iştirakçısı olan gənc istedadlara uğurlar arzulamışlar.

Rəsmi hissədən sonra balaca fidanların təqdimatında Cəngi sədalarının müşayiəti ilə rəqs nümunəsi göstərilmiş, Torpağın səsi mahnısı səsləndirilmiş və şahmat oyununun fraqmentləri möhtəşəm kompozisiya ilə canlandırılmışdır. Sonda ağ fiqurlarla yeni bir macəraya ilk gedişlə start vermək üçün qonaqlar şahmat taxtalarına dəvət olunmuşlar.

Tövsiyələr