Forum Dünya məktəbinin həmtəsisçisi
Nailəxanım İsayevanın xatirəsinə ithaf olunur.


Beynəlxalq Onlayn Forum – 15 May 2021
“XXI əsr şəxsiyyətinin formalaşmasında önəmli amillər”

Dünyanın hər bir yerində, ictimai inkişafın hər bir mərhələsində cəmiyyətin təhsillə üzvi bağlılığı olmuşdur. Gənc nəsillərin inkişafı, tədrisi, maarifləndirilməsi ən qədim fəaliyyətlərdəndir. Hər birimiz təhsilin ictimai həyatda mərkəzi rolunu qeyd-şərtsiz qəbul edirik.

İndiki dövrdə təhsilin rolu və əhəmiyyəti daha fərqlidir. Yaşadığımız informasiya dövründə yeni faktlar, bilgilər baş gicəlləndirir, sürətlə həyatımıza daxil olur. “XXI əsrin savadsızları oxumağı və yazmağı bacarmayanlar deyil, öyrənməyi, bildiklərini bir kənara qoymağı və yenidən öyrənməyi bacarmayan kəslərdir” (Alvin Toffer, yazıçı, futurist)

Həyatını insanları “maarifləndirmək” işinə həsr etmiş, müəllim və təlimçilərin qarşısında artıq yeni suallar və yeni vəzifələr durur. Gənclər gələcəyə hazır olmaq üçün nəyi və necə öyrənməlidirlər? Elmi-texnoloji inkişaf dövründə “məsafəli öyrənmə” ilə “ənənəvi tədris” arasında əhəmiyyətli fərq varmı? Gənclərin hansı metodlara əsasən öyrənəcəyini kim və necə müəyyən etməlidir?

Bir pedaqoq kimi, bizim məqsədimiz gənclərin özünü düşündürməkdir. Təhsil gerçək həyatla uzlaşmalıdır, çünki təhsil elə həyatın özüdür. Onlar yalnız böyüyəndə deyil, bu gün də böyük işlər görəcəklərini anlamalıdırlar. “Gələcəyin müasiri” olmaq istəyiriksə, bizim təhsildə modernizasiya sabaha hesablanmalıdır.

Gəlin, birlikdə düşüncələrimizi paylaşaq və öyrənək.
Xəzər Universiteti Dünya Məktəbinin təşkilatçılığı ilə “XXI əsr şəxsiyyətinin formalaşmasında önəmli amillər” mövzusunda onlayn keçirilən Beynəlxalq Forumda iştirakınızdan şərəf duyarıq.

Nailəxanım İsayeva
10 mart 2021-ci il