Yazar, böyük alim, professor Yaqub Əl Şaruni Dünya məktəbi kitabxanasının qonağı oldu

400 dən çox kitabın müəllifi- yazar, böyük alim, professor Yaqub Əl Şaruni Dünya məktəbi kitabxanasının qonağı oldu. Ədəbiyyatda karyerasına erkən yaşlarında başlayan yazarın əsərləri ictimaiyyət tərəfindən hər zaman böyük sevgi ilə qarşılanıb: bir çox əsərləri 16 dəfə çap edilib! 2002-ci ildə Yaqub Əl Şaruninin “Ən Gözəl Hekayələr” adlı kitabı İtaliyada Beynəlxalq Boloniya Uşaq Kitabı sərgisində “Yeni Üfüqlər” mükafatına layiq görülüb. Bu mükafat Asiya, Cənubi Amerika, Afrika və Avstraliya qitələrində ildə bir dəfə bir kitaba verilir. Bütün ömrü boyu Yaqub Əl Şaruni müxtəlif mükafatlara layiq görülüb.  Dünya məktəbində məktəblilər yazarı böyük sevği ilə qarşıladılar. Yaqub Əl Şaruni “Tülkü və canavar”, ”Hədiyyə” adlı nağıllarının qısa məzmununu həvəslə danışdı, şagirdlərlə maraqlı söhbət etdi. F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla xanım Qəmbərova, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi də tədbirin qonağı kimi öz ürək sözlərini dedilər. Şəhla xanım həmçinin Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ilə birgə ərsəyə gətirdikləri “Əsrarəngiz Misir nağılları” kitabı haqqında məlumat verdi. Sonda Əhməd Sami Elaydi Dünya məktəbi ilə dəfələrlə əməkdaşlıq etdiklərini vurğulayaraq bunu çox yüksək qiymətləndirdiklərini söylədi. Görüş birgə xatirə şəklillərinin çəkilməsi ilə başa çatdı.

Dünya Təhsil Kompleksi dərc olunan yazının əsassız olduğunu sübut etdi

Son günlərdə bəzi internet səhifələrində “Dünya məktəbində kütləvi zəhərlənmə: 50 şagird, 4 müəllim” başlığı altında dərc olunan yazı məktəbimizin şagird-müəllim –valideyn kollektivi arasında və cəmiyyət içərisində müəyyən narahatlığa səbəb olmuşdur. Yazının heç bir əsası olmadan və qərəzli yazılması barədə səhifələrin redaktorlarına məktəbin təkzibi ünvanlanmışdır. Xəbərin getdiyi səhifələrdən bəziləri üzr istəyərək təkzibi dərc etmişlər. (http://www.avropa.info/az/post/247139.html). Lakin xəbərin ilk mənbə olaraq verildiyi Unikal.orq saytı təkzibi dərc etməkdən boyun qaçırmışdır. Göstərilən məsələnin hüquq müstəvisində aydınlaşdırılması üçün işlərə başlanılmış və 26.04.2018 tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Binəqədi Rayon Gigiyena Və Epidemiologiya Mərkəzi tərəfindən aparılan müayinələrin nəticələri 23.04.18 tarixində dərc olunan yazının tam əsassız olduğunu sübut etmişdir. Məlum olmuşdur ki, DÜNYA Məktəbində hər-hansı kütləvi zəhərlənmə baş verməmişdir. 50 nəfər şagirdin dərsə gəlməməyinə gəlincə isə, nəzərə alınmalıdır ki, DÜNYA Məktəbində 70 sinif var və müəyyən səbəblərdən ən azı hər sinifdən 1 şagirdin dərsə gəlməməsi normal sayıla bilər. Dəfələrlə məktəb direktoru Mərufə Mədətlinin saytlara, jurnalistlərə verdiyi müsahibələrdə məlumat haqqında təkzib verməsinə baxmayaraq icazəsi olmadan gizlin şəklinin çəkilməsinə, uydurma səs yazısı mövzusunda narahatlıq yaratdığına və DÜNYA Məktəbinin işgüzar nüfuzuna xələl gətirən yanlış məlumata görə Unikal.org saytı hələ də üzr istəmir, səhifəsində insanları narahat etdiyi üçün heç bir açıqlama vermir. Yazının getdiyi saytlara məktəbimizdən üzr istəmələri və təkzibimizi dərc etmələri barədə müraciət bir daha ünvanlanmışdır.

Dünya Təhsil Kompleksi Cocuq Mərcanlı kənd orta məktəbində oldu

Dünya Təhsil Kompleksi aprelin 21-də Cəbrayıl rayonunun aprel döyüşləri zamanı işğaldan azad edilmış Cocuq Mərcanlı kəndinin orta məktəbində müəllim və şagird kollektivi ilə görüşdü. Qonaqları bayraqlarla qarşılayan məktəblilər bir birinin ardınca vətən şeirləri səsləndirdilər. Balacalar “Torpağını unutma!”, “Zəfər bizimdir!”, “Yetışıb qisas çağı!” misralarını səsləndirərkən, onların məğrur duruşları, mərd baxışları və gur səsləri dinləyicilərin mübarizə əzmini artırdı. Məktəbin direktoru Zamin Həziyev qonaqları məktəbdə yaradılan şəraitlə tanış etdi, Cəbrayılın işğaldan əvvəlki vəziyyəti, uğurlu aprel döyüşləri, Cocuq Mərcanlı kəndinin bərpadan əvvəlki və sonrakı görüntülərinin əks olunduğu fotostendləri göstərdi. Qonaqlar sevinc hissi ilə müasir sinif otaqlarını, internetlə təchiz olunmuş informatika kabinetini, gənclərin çağırışaqədərki hazırlıq otağını və müəllimlər otağını gəzərək, məktəb kitabxanasına və şagirdlərə Dünya məktəbi adından kitablar, dərs və ofis ləvazimatları, idman avadanlıqları və müxtəlif hədiyyələr təqdim etdilər. Müəllim və şagird kollektivi ilə birgə xatirə şəkilləri çəkdirildi. Dünya məktəbinin direktoru Mərufə Mədətli məktəb kollektivinə yüksək qonaqpərvərliyə görə təşəkkür etdi, məktəblərarası əməkdaşlığın davam edəcəyini bildirərək, kollektivə uğurlar arzuladı.

Dünya Təhsil Kompleksinin həkim valideynləri siniflərdə qidalanma və həyat tərzinə aid təqdimatlar etdilər

V, VI, VII siniflərdə həkim valideynlərimizin sağlam qidalanma və həyat tərzinə aid maraqlı təqdimatları keçirildi. Görüş şagirdlərlə canlı diskussiya şəraitində oldu. Təqdimatın əsas mövzusu qidaların tərkibindəki vitaminlərin insan orqanizminə təsiri, idmanın və aktiv həyat tərzinin sağlamlıq üçün əhəmiyyəti idi. İnanırıq ki, bu görüş şagirdlərimiz üçün yadda qalan və faydalı oldu. Gələcəyimiz övladlarımızın fiziki və mənəvi sağlamlığından asılıdır!