Dünya Məktəbi 20 illik yubileyini qeyd etdi

2018-ci il dekabrın 22-də “Dünya” məktəbinin “İnciçiçəyi” konsert-konfrans salonunda məktəbin 20 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirildi. Mərasimdə “Dünya” məktəbi və Xəzər Universitetinin rəhbərliyi və əməkdaşları, valideynlər, ölkənin tanınmış elm, ədəbiyyat və incəsənət xadimləri - AMEA Fizika Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, texnika elmləri doktoru, AMEA-nın müxbir üzvü Rafiq Əliyev, şair Ramiz Rövşən, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Xalq artisti, rəqqasə Cəmilə Bayramova, rejissor Ramiz Həsənoğlu və digərləri iştirak edirdilər. Mərasimi “Dünya” məktəbinin həmtəsisçisi, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı açaraq, geniş nitq söylədi. 20 il əvvəl məktəbin yaradıldığı şəraiti xatırladan natiq ötən illər ərzində bu təhsil müəssisəsinin keçdiyi uğurlu və şərəfli yoldan danışdı. Qeyd etdi ki, Azərbaycanın təhsil mühitinə yenilkçi təhsil ocağı kimi daxil olan “Dünya” məktəbi uşaq bağçası da daxil olmaqla üç dildə təhsil verən təhsil kompleksi kimi fəaliyyət göstərir. 2009-cu ildə beynəlxalq IB məktəbi statusu almış, Dünya IB School adı ilə Beynəlxalq Bakalavr Təşkilatı - International Baccalaureate Organization-IBO-nun üzvü olmuşdur. 2012-2013-cü tədris ilində ölkədə “İlin ən yaxşı məktəbi” adına layiq görülmüşdür. Bir neçə il əvvəl Sumqayıtda yaradılmış “Dünya” məktəbi də uğurla fəaliyyət göstərir və Gəncədə “Dünya” məktəbinin açılmasına hazırlıq işləri görülür. Bu məktəblər kompleksinin digər uğurlarından da danışan professor Hamlet İsaxanlı çıxışının sonunda məktəb kollektivini yubiley münasibətilə təbrik etdi, ona yeni müvəffəqiyyətlər arzuladı. Sonra “Dünya” məktəbinin həmtəsisçisi, məktəbə uzun illər rəhbərlik etmiş Nailəxanım İsayevanın təqdimatında məktəb haqqında film nümayiş etdirildi. AMEA Fizika Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Xəzər Universitetinin İdarəetmə və tələbə işləri üzrə prorektoru İsaxan İsaxanlı, “Dünya” məktəbinin ilk rəqs müəllimi olmuş Xalq artisti Cəmilə Bayramova çıxış edərək, məktəbi ölkənin təsil sistemində fərqləndirən özünəməxsus cəhətlərindən danışdılar, kollektivə xoş arzularını bildirdilər. Tədbirdə məktəbin məzunlarının təhsillərini xarici olkələrin nüfuzlu ali məktəbləridə uğurla davam etdirib başa çatdırmalarından bəhs edildi, belə məzunlardan biri olan Səməd Məmmədzadənin timsalında film nümayiş olundu. Məktəbin quruculuğunda və fəaliyyətində üzun illər və səmərəli fəaliyyət göstərmiş müəllimlərə hədiyyə təqdim olundu. Hədiyyələri məktəbin direktoru Mərufə Mədətli və onun müavinləri təqdim etdilər. Azərbaycan Təhsil Şurası sədrinin müavini Həqiqə Məmmədova məktəbin həmtəsisçisi Nailəxanım İsayevaya şuranın fəxri diplomunu təqdim etdi. Tədbirdə iştirakçılara “Dünya” məktəbinin hər bir qurumu tərəfindən hazırlanmış müzik-holl və səhnəciklərdən ibarət proqram, Xəzər Universitetinin rəqs kollektivinin çıxışı təqdim olundu. Xalq artisti Cəmilə Bayramova solo rəqslə çıxış etdi. Sonda yubiley münasibətilə böyük ziyafət verildi.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *