Dünya məktəbində ALMANDİLLİ ÖLKƏLƏR GÜNÜ keçirildi

DÜNYA Məktəbi yarandığı ilk gündən hərtərəfli dünya vətəndaşı yetişdirmək ideyasını qarşısına məqsəd qoyub. Bu münasibətlə keçirilən görüşlər, tədbirlər şagirdlərin yaddaşında iz qoyur, onlarda gələcək üçün düşüncənin, fikrin potensial bazasını yaradır. Elə bu münasibətlə də məktəbdə növbəti tədbir – ALMAN DİLLİ ÖLKƏLƏR GÜNÜ keçirildi. Tədbirdə respublikamızda fəaliyyət göstərən almandilli ölkələrdən – AVSTRİYA RESPUBLİKASININ səfiri Aksel Vex, səfirliyin konsulu Volfqanq Marxardt, Avstriya Mərkəzinin rəhbəri Stefanie Matzer, ALMANİYA və İSVEÇRƏ səfirliklərinin nümayəndələri və digər diplomatlar iştirak etdilər.

Tədbir almandilli ölkələrin və azərbaycanlı bəstəkarların əsərlərinin ifası ilə açıldı. Bəstəkar Üzeyir Hacıbəyovun “Arazbarı” simfoniyası, Volfqanq Amadey Motsartın “Gecə serenadası”, Yozef Haydnın “Dördüncü simfoniya”sının I hissəsi ifa olunduqdan sonra Fikrət Əmirovun “Min bir gecə” baletindən“Şəhrizadın rəqsi” hissəsi nümayiş edildi. Simfoniyalar bədii rəhbər Zülfiyyə Sadıqovanın başçılığı ilə XƏZƏR Universitetinin Kamera Orkestri tərəfindən ifa olundu.

Şagirdlərin alman dilində maraqlı çıxışlarını-şeirlərini, mahnılarını dinləyən qonaqlar məktəbin bu görüşə hazırlığından məmnun qaldılar. Səhnədə alman şairi Henrix Hayne, Yohan Volfqanq Hötenin şeirləri səsləndirildi. Alman dilində mahnılar ifa olundu. Bəstəkar Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasından musiqili parça nümayiş etdirildi. Tədbirdə çıxış edən səfir cənab Aksel Vex alman dilinin çətin və mürəkkəb dil olduğunu, bu dildə müxtəlif cür dialektlərin mövcudluğunu vurğuladı. Diplomat belə çətin dilin şagirdlər tərəfindən yüksək səviyyədə mənimsənilməsindən, onların alman dilində olan sərbəst çıxışlarından məmnunluğunu bildirdi. O, eyni zamanda, belə bir tədbirin keçirilməsinə görə məktəb rəhbərliyinə təşəkkür etdi.

Gələn qonaqlar şagirdlərə hədiyyələr payladılar. Onlara DÜNYA Məktəbi haqqında film nümayiş olundu.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *